18 yaşına çatan hər bir gəncə 20 min avro veriləcək

11:10 07.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İspaniyanın əmək naziri Yolanda Diaz ölkədəki hər bir gəncə 18 yaşı tamam olanda ali təhsil almaq və ya biznes qurmaq üçün 20 min avro (37 min manat - V.T.) verilməsini nəzərdə tutan yeni plan təklif edib.

Hafta.az-ın yazdığına görə, Diaz, "ümumbəşəri irs" adlanan qrantdan iqtisadi vəziyyətindən asılı olmayaraq bütün gənclərin istifadə edə biləcəyini və bu planın illik gəliri 3 milyon avrodan çox olan şəxslərdən vergi tutulması hesabına maliyyələşdiriləcəyini bildirib.

İyulun 23-də İspaniyada keçiriləcək növbədənkənar ümumi seçkilər öncəsi gənclərlə bağlı planını açıqlayan Diazın sözlərinə görə, təşəbbüsün dəyəri 10 milyard avro olacaq.

Planın məqsədinin sosial bərabərsizliyi aradan qaldırmaq və imkan bərabərliyini təmin etmək olduğunu deyən Diaz, “Bu, gənclərin gələcəyinə zəmin yaratmaq, onlara təhsil almaq və ya biznes qurmaq şansı verməkdən ibarətdir" deyib. Onun sözlərinə görə, məhz bu səbəbdən gənclərə 20 min avro verilməsini təklif edirlər ki, 18 yaşına çatanda oxuyub və ya biznes quraraq özlərini təkmilləşdirsinlər.